11 aprel 2025-ci il
Xalq artisti Cəfər Namiq Kamal - 75
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Cəfər Namiq Kamalın 75 illik yubileyi münasibəti ilə benefis-tamaşanın premyerası oynanılıb.
Nikolay Qoqolun "Müfəttiş" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rejissor assistenti Xanımbacı Həsənovadır.
Tamaşadan sonra səhnəyə Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə və Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal dəvət olunublar. Çıxış edənlər Cəfər Namiq Kamalın yaradıcılıq yolundan, onun teatr sənətinə bəxş etdiyi maraqlı və rəngarəng obrazlardan danışıblar.
Cəfər Namiq Kamal Azərbaycan Teatr Xadimləri İttifaqının "Teatr Xadimi" qızıl medalı və Akademik Milli Dram Teatrının "Milli Teatr" mükafatı ilə təltif olunub.