30 aprel 2026-cı il
Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi
Azərbaycan Dövlət Film Fondunda Xalq artisti Ramiz Həsənoğlunun 80 illik yubileyi qeyd edilib. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, Kinematoqrafçılar İttifaqının, Yazıçılar Birliyinin nümayəndələri, görkəmli sənət adamları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova Ramiz Həsənoğlunun Azərbaycan televiziyasının və kinosunun inkişafındakı xidmətlərindən danışıb, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb.
Çıxış edənlər - Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti Şəfiqə Məmmədova, Xalq yazıçısı Anar, Xalq artisti Məbud Məhərrəmov, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Əməkdar mədəniyyət işçisi Azər Turan, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva, jurnalist İlhamiyyə Rza və başqaları yubilyarı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Ramiz Həsənoğlu Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub.
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev “VMF” şirkəti tərəfindən Ramiz Həsənoğlunun yubileyinə məxsusi buraxılmış hədiyyəni sənətkara təqdim edib. Həmçinin R.Həsənoğlunun 80 illiyinə həsr olunmuş “Qobustan” jurnalı tədbir iştirakçılarına paylanıb.
Tədbirdə Baku TV-nin yubilyara həsr etdiyi, rejissor İman Məcidovun çəkdiyi “Sənin boyun ucadır” filmi və rejissor Elnaz Əblucun hazırladığı videoçarx nümayiş etdirilib.

