4 noyabr 2025-ci il
«XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ» bədii qiraət müsabiqəsinin nəticələri elan olundu
Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində keçirilən müsabiqənin 1-ci günü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Akademik Rus Dram Teatrı, Milli Gənc Tamaşaçılar Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Bakı Bələdiyyə Teatrı, Naxçıvan Dövlət Milli Musiqili Dram Teatrı, Naxçıvan Dövlət Kukla Teatrı, Füzuli Dövlət Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı, Şəki Mədəniyyət Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini təmsil edən iştirakçılar çıxışlarını təqdim etdilər. Münsiflər heyətinin üzvləri – Əməkdar artist Azad Şükürov (sədr), Xalq artistləri Hacı İsmayılov və İlham Namiq Kamal, aktyor-pedaqoq Məhəmməd Verdizadə və mədəniyyətşünas Aidə Qafarova Şanlı Zəfər tariximizə həsr olunmuş nümunələri canlı şəkildə dinləyib, yekun qərar verdilər.
Münsiflər heyətinin qərarına görə “XARIBÜLBÜLÜN TƏNTƏNƏSİ” bədii qiraət müsabiqəsinin iştirakçıları diplom və pul mükafatı ilə təltif olundular.
04 noyabr tarixində müsabiqə iştirakçıları mükafatlandırıldılar.
İttifaqın Sədri Hacı İsmayılov iştirakçıları salamladı, iştirakçıları təbrik etdi və müsabiqədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi. Çıxış edənlər – Hacı İsmayılov, Azad Şükürov, İlham Namiq Kamal, Məhəmməd Verdizadə 44 günlük Vətən müharibəsində Şanlı qələbəmizdən, keçirilən müsabiqənin əhəmiyyətindən danışdılar. Diplomların təqdimatından sonra iştirakçılarla xatirə şəkilləri çəkildi.

