29 noyabr 2017-ci il
Mikayıl Mirzə – 70
29 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Mikayıl Mirzənin 70 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.
Görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətkarın ailə üzvlərinin iştirakı ilə keçirilən tədbirdə Mikayıl Mirzənin Teatr Muzeyinin arxivində saxlanılan fotolarından ibarət sərgi təqdim olunub.
Tədbirin aparıcısı Rafael Hüseynov sənətkarın ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb.
Çıxış edənlər - Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Əməkdar rəssam Rais Rəsulzadə, xalq artistləri Səidə Quliyeva, Nurəddin Mehdixanlı, Ağakişi Kazımov, Ramiz Həsənoğlu Mikayıl Mirzəni zəmanəsinin əvəzedilməz aktyoru, böyük sənətkarı kimi dəyərləndirib, onunla bağlı xatirələrini danışıb, yaratdığı rollardan söz açıblar. Sonda sənətkarın nəvəsi balaca Mikayıl Mirzə səhnəyə dəvət olunub və şeir söyləyib.
Mərasimdə mərhumun ailəsi adından çıxış edən oğlu Mətin Mirzə atasının xatirəsini əziz tutan tədbir iştirakçılarına və təşkilatçılara dərin minnətdarlığını bildirib.