10 dekabr 2025-ci il
"Eynək" Teatr Studiyasının ilk tamaşası oynanıldı.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın Mustafa Mərdanov səhnəsində yaradıcı gənclərdən ibarət “Eynək” Teatr Studiyasının ilk tamaşası oynanıldı.
Tamaşadan əvvəl çıxış edən Azərbaycan Respublikasının Əməkdar artisti Elman Rəfiyev tamaşaçıları salamladı, yeni yaranmış "Eynək" Teatr Studiyası haqqında məlumat verdi, studiyanın fəaliyyətinə şərait yaradan Azərbaycan Teatr Xadimləri İttifaqına minnətdarlığını bildirdi. Sonra o, sözü İttifaq Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılova verdi.
Hacı İsmayılov yeni yaranmış studiya üzvlərini təbrik etdi və onlara uğurlar arzuladı. Qeyd etdi ki: "S.Bekketin “Qodonun intizarında” əsəri əsasında Məmməd Rəfiyevin səhnələşdirdiyi və rejissoru olduğu “Oyun” tamaşası əsərin yeni plastik yozumudur: Estragon və Vladimir yerinə adsız iki mimin hekayəsində hərəkət söz olur, sükut isə fəryada çevrilir.
İki pantomim ifaçısı səssiz bir məkanda üz-üzə gəlir. Onların dialoqu sözlərlə deyil, jestlər, pauzalar və bədən dilləri ilə qurulur. Gözləmə oyuna, oyun isə ümidsiz bir axtarışa çevrilir".
Tamaşada rolları gənc aktyorlar Nahid Aslanlı və Məmməd Rəfiyev ifa etdilər.
İranın Zəncan şəhərində keçirilən Panomima Festivalında mükafata layiq görülən tamaşa tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Sonda xatirə şəkilləri çəkildi.

