3 aprel 2025-ci il
Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşasını təqdim edib
T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı Bakıda “Dədə Qorqud” tamaşası ilə çıxış edib. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində göstərilib.
Tədbir Qırğızıstan Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tamaşaya gələn qonaqlar qırğız və azərbaycan dillərində salamlama nitqi ilə qarşılanıblar.
Böyük maraq və alqışlarla qarşılanan tamaşadan sonra çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri Hacı İsmayılov, Türk Mədəniyyəti və Mirası Fondunun Prezidenti Aktote Raimkulova, Qırğızıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin Müşaviri Asılbek İsayev, Qırğızıstan Milli Akademik Dram Teatrının bədii rəhbəri Egemberdi Bekboliyev, tamaşanın müəllifi Kayrat İmanaliyev və Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə tədbirin əhəmiyyətindən, Qırğızıstan və Azərbaycan mədəni əlaqələrinin gələcək inkişafından danışıblar.
Qırğızıstan Milli Akademik Dram Teatrına Azərbaycan-Qırğızıstan mədəni əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Milli Teatr” mükafatı təqdim olunub. Azərbaycan tamaşaçılarına təqdim olunan “Dədə Qorqud” tamaşası Azərbaycan Teatr Xadimləri İttifaqının Diplomu ilə mükafatlandırılıb. Əsərin müəllifi Kayrat İmanaliyev İttifaqın “Teatr Xadimi” medalına layiq görülüb. Teatrın iki aktyoru - Atay Ömürbekov (Qoca Qorqud) və Adıl Bolorbek uulu (Cavan Qorqud) İttifaqın Fəxri fərmanları ilə təltif olunublar.